İcma standartları
Giriş
Bu standartlar insanlardan aldığımız rəylərə, eləcə də texnologiya, ictimai təhlükəsizlik və insan hüquqları kimi sahələrdə ekspertlərin məsləhətlərinə əsaslanır. Hər kəsin səsinin qiymətləndirilməsini təmin etmək üçün xüsusilə də asanlıqla nəzərdən qaçırıla və ya təcrid edilə biləcək insan və icmaların müxtəlif baxış və inanclarının nəzərə alındığı standartlar hazırlamaq üçün ciddi səy göstəririk.
İnsanlar hər gün təcrübələrini bölüşmək, dostları, ailələri ilə əlaqə yaratmaq, icmalar qurmaq üçün Facebook, Instagram, Messenger və Threads-dən istifadə edirlər. Xidmətlərimiz müxtəlif ölkə və mədəniyyətləri təmsil edən milyardlarla insanın onlarla dildə özlərini sərbəst ifadə etməsinə imkan yaradır.
Meta insanların ünsiyyət imkanlarının genişləndiyini hiss etdikləri yer olmağın Facebook, Instagram, Messenger vəThreads üçün nə qədər vacib olduğunu qəbul edir və biz xidmətlərimizdən sui-istifadəyə mane olmaq vəzifəmizə ciddi yanaşırıq. Buna görə də bu xidmətlərdə nəyə icazə verilib-verilmədiyini göstərən standartlar hazırlamışıq.
Nəzərə alın ki, İcma standartlarının amerikan ingilis dilində olan versiyası ən yeni siyasətləri əks etdirir və əsas sənəd kimi istifadə olunmalıdır.
Hər kəsə söz haqqı vermək öhdəliyimiz
İcma standartlarımızın məqsədi insanların özlərini ifadə etmələri üçün platforma yaratmaq və insanlara söz haqqı verməkdir. Meta kimlərsə bu fikirlə razılaşmasa və ya mübahisəli hesab etsə belə, insanların onlar üçün vacib məsələlər haqqında şərhlər, fotolar, musiqi, yaxud digər incəsənət formalarının köməyilə açıq şəkildə danışa bilmələrini arzu edir. Bəzi hallarda xəbər dəyəri daşıdıqda və ictimai maraq kəsb etdikdə standartlarımıza zidd hesab ediləcək məzmunu saxlayırıq. Bunu yalnız ictimai maraq dəyərini zərər riski ilə müqayisə etdikdən sonra edir və bu barədə mühakimə yürütmək üçün beynəlxalq insan hüquqları normalarına nəzər salırıq. Başqa hallarda əlavə kontekst məzmunun standartlarımıza zidd olmasını məntiqlə başa düşməyimizə imkan verərsə, ikimənalı və ya aydın olmayan dildən istifadə edilmiş məzmunu silə bilərik.
Özünüifadə imkanı yaratmaq öhdəliyimiz prioritetdir, lakin internetin sui-istifadə üçün yeni və sayı getdikcə artan imkanlar yaratdığını başa düşürük. Bu səbəblərdən özünüifadə imkanını məhdudlaşdırdığımız zaman aşağıdakı dəyərlərdən birinə və ya daha çoxuna xidmət etmək məqsədi güdürük:
AUTENTİKLİK
İnsanların gördükləri məzmunun autentik olduğuna əmin olmaq istəyirik. Autentikliyin paylaşım üçün daha yaxşı mühit yaratdığını hesab edir, buna görə də xidmətlərimizdən istifadə edən insanların şəxsiyyətlərini və ya nə ilə məşğul olduqlarını yanlış təqdim etmələrini istəmirik.
TƏHLÜKƏSİZLİK
Facebook, Instagram, Messenger və Threads-i təhlükəsiz yer etmək öhdəliyinə sadiqik. Biz insanların fiziki təhlükəsizliyi üçün zərər riski yarada biləcək məzmunu silirik. İnsanları təhdid edən məzmun başqalarını qorxutmaq, təcrid etmək və ya susdurmaq potensialına malikdir, buna isə xidmətlərimizdə icazə verilmir.
MƏXFİLİK
Şəxsi həyatın toxunulmazlığını və məlumatların məxfiliyini qorumaq öhdəliyimizə sadiqik. Məxfilik insanlara özləri olmaq, xidmətlərimizdə necə və nə vaxt paylaşım edəcəklərini seçmək və başqaları ilə daha asanlıqla əlaqə yaratmaq azadlığı verir.
LƏYAQƏT
Biz bütün insanların ləyaqət və hüquq bərabərliyinə inanırıq. İnsanların bir-birinin ləyaqətinə hörmətlə yanaşacaqlarını, başqalarını qısnamaq və alçaltmaqdan çəkinəcəklərini gözləyirik.
İcma standartları
İcma standartlarımız dünya miqyasında hər kəsə və bütün məzmun növlərinə, o cümlədən süni intellekt tərəfindən yaradılmış məzmuna şamil olunur.
İcma standartlarımızın hər bir bölməsi siyasətin məqsədlərini müəyyən edən "Siyasətin əsas prinsipləri" ilə başlayır və daha sonra siyasətin aşağıdakıların vurğulandığı müddəaları gəlir:
Paylaşılmasına icazə verilməyən məzmun; və
Standartların tətbiq edilməsi üçün əlavə məlumat və ya kontekstin verilməsini tələb edən məzmun, xəbərdarlıq ekranı ilə paylaşılmasına icazə verilən məzmun və ya paylaşılmasına icazə verilən, lakin yalnız 18 yaşına çatmış şəxslərin baxa biləcəyi məzmun.